Futbol geyimi

Rikardo Kaka müasir futbol geyimində

Futbol geyimi — başqa idman növlərində olduğu kimi futbolda da geyim standart avadanlıq sayılır. Futbol geyimi futbolun 4-cü qaydası ilə müəyyənləşdirilir və qaydaya əsasən, futbolçu geyimin minimal dəstinə sahib olmalı və üstündə başqa futbolçuya yaxud da digər iştirakçıya təhlükə yarada biləcək heç bir əşya olmamalıdır. Bəzən fərdi yarışlarda geyimə bir neçə məhdudiyyətlər qoyula bilər, məsələn, loqoların ölçüsünün tənzimlənməsi; bir-biri ilə qarşılaşan iki komandanın formaları eyni və ya oxşar olarsa, səfərdə olan komanda başqa rəngdə geyinməlidir.

Futbolçuların köynəklərinin arxasında adətən identifikasiya nömrəsi olur. İlkin olaraq futbolçular oynadığı mövqeyindən aslı olaraq formalarında yalnız 1-dən 11-ə qədər rəqəmləri daşıyırdılar, amma futbol peşəkar səviyyəyə çatandan sonra, qaydalar dəyişdi və oyunçulara mövsüm ərzində nömrələrini dəyişməyə icazə verildi. Həmçinin, peşəkar klublarda adətən köynəklərin arxasında futbolçunun soyadı və ya ləqəbi yazılır, çox vaxt onlar nömrənin üstündə olur, nadir hallarda aşağısında.

İlkin futbol geyimi bu günümüzə çatana qədər çoxlu dəyişikliklərə məruz qalıb. Əvvəl futbolçular pambıqdan hazırlanmış qalın köynək, brici və dəridən hazırlanan ağır sərt çəkmələr geyinirdilər. XX əsrdə çəkmələr daha yüngül və yumşaq, şortlar daha qısa oldular. Geyim istehsalında və poliqrafikada irəliləyişlər sayəsində yüngül sintetik liflərdən hazırlanan və daha da rəngarəng və mürəkkəb konstruksiyaya sahib olan köynəkləri hazırlamaq mümkün oldu. XX əsrdən başlayan reklamın inkişafı futbola da təsir etdi, beləki artıq formalarda sponsorların loqoları yaranmağa başladı, həmçinin azərkeşlər üçün də formalar satılmağa başlanıldı ki, bu da klublara böyük gəlir gətirdi.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search